usaqlarda qebizlik

Uşaqlarda qəbzlik

Ümumiyyətlə, qəbizlik nədir? 

Qəbizlik həftə ərzində 2 və daha az sayda defekasiya aktının, yəni nəcis ifrazının olmasıdır. 

Bundan əlavə həftə ərzində 2 dəfə gecə nəcis ifrazının olması və yaxud da həftədə 1 dəfə qeyri-qənaətbəxş məkanda nəcis ifrazının və ya defekasiya istəyinin olması qəbizliyin əlaməti hesab olunur. 

Ümumiyyətlə, təkcə qəbizliyə, nəcisin defekasiya aktlarının sayı deyil, eyni zamanda nəcis kütləsinin forması da təsir göstərir. Bəzi hallarda ağrılı defekasiya aktının olması, nəcis kütləsinin çox iri ölçüdə olması bu da qəbizlik əlaməti hesab olunur. 

Qəbizliyin yaranma səbəbləri

Ümumiyyətlə, qəbizlik mədə-bağırsaq funksiyasının pozulması şikayətləri ilə yanaşı, digər əlamətlərin də yaranmasına səbəb olur. Belə ki, qəbiz olan uşaqlar, adətən, halsız olurlar, məktəbdə, sosial mühitdə funksiyalarını yerinə yetirə bilmirlər. Bu uşaqlar ona görə də sosial adaptasiya funksiyaları pozulmuş uşaqlar hesab olunurlar. Həmçinin bunlarda: anemiya, iştahsızlıq, qarında ağrı, ürəkbulanma, qusma kimi hallar müşahidə edilir. 

Ümumiyyətlə, qəbizliyin yaranma səbəbləri müxtəlifdir. Bu, yenidoğulma dövründən başlayaraq qidalanmada olan disfunksional pozulmalar, məsələn, yeni doğulan körpənin süni qida qarışıqları ilə qidalanması, əlavə qidanın qida rasionuna gec daxil edilməsi və sonrakı yaş dövrlərində isə qidalanmanın daha çox bir istiqamətli olması səbəb olur. Çünki uşaqlara daha çox qida rasionuna meyvə, tərəvəzlərin əlavə edilməsi, maye rejiminin düzgün təşkil edilməsi, qəbizliyin qarşısınıala bilən vasitələrdir. 

Qəbizliyin səbəbləri içərisində qidalanma pozulmalarından başqa həm psixi emosional sferada olan pozulmalar, həm orqanizmdə baş verən digər xəstəliklər də səbəb ola bilər. 

Qəbizlik, xüsusilə, qalxanabənzər vəzinin funksiyasının pozulmalarında, hipoterioz xəstəliyində, yanaşı olaraq hiperkalsemiya, hipokalemiya hallarında müşahidə edilə bilər. 

Bundan başqa mədə-bağırsaq sistemində hər hansı bir patoloji dəyişikliklər, törəmələrin olması və yaxud da qarın boşluğunda hər hansı bir törəmələrin olması da qəbizliyin yaranmasına səbəb ola bilər. 

Bu səbəbləri sadalamaqda məqsədim ondan ibarətdir ki, qəbizliyin yaranma səbəbləri kiçik səbəblərdən əlavə çox böyük səbəblər də ola bilər və bu da həmin uşağın mütləq həkim müayinəsində olmasını göstərən səbəblərdir. 

Ümumiyyətlə, bundan başqa son dövrlərdə, xüsusilə, autizm diaqnozu qoyulan uşaqlarda və diqqət yayınıqlığı ilə müşahidə edilən hiperaktivlik sindromu zamanı da uşaqlarda qəbizlik müşahidə edilir. 

Qəbizliyin sonrakı yaşlarda yaratdığı patologiyalar

Onu da valideynlərin diqqətinə çatdırmaq istəyirəm ki, çox zaman valideynlər bunu özləri müşahidə ilə müəyyən edə bilərlər. Belə ki, bu uşaqlar, adətən, müxtəlif planşetlərə meyl göstərərək, oyunlardan yayınmamaq məqsədilə onların defekasiya aktına hissləri olduğu halda belə yerlərindən qalxmırlar və yaxud da ayaq üstə olduğu vəziyyətdə müəyyən bir yerə sığınaraq sağrı əzələlərini sıxır və defakasiya aktını tormozlayırlar. 

Belə hallarda valideynlər çox ayıq olmalıdırlar və o uşaqlarda mütləq tualet mədəniyyətini yaratmalıdırlar, vaxtında güvəclərə oturmağı öyrəşdirməlidirlər. 

Çünki bunun vaxtında qarşısının alınması sonrakı yaş dövründə də baş verə biləcək patologiyaların qarşısını ala bilər. 

Vaxtaşırı olaraq uşaq əgər defekasiya aktını dayandırırsa, bu nəyə səbəb olur? Nəcis kütlələri S-ə bənzər bağırsaqda və yaxud da düz bağırsaqda toplanır və bərkləşir, ölçücə böyüyür, bağırsağı genişləndirir. Və növbəti dəfə defekasiya aktında hansı ki, artıq uşaq nəcisini saxlaya bilmir və məcburiyyət qarşısında daha iri kütləli nəcisin ifraz olunmasına səbəb olur. Bu isə uşaqda ağrılı defekasiyanın yaranmasına səbəb olur, düz bağırsaqda çatların yaranmasına, qanın ifrazına səbəb olur. 

Və artıq bu ağrıdan, qanın olmasından, uşaq qorxaraq hər dəfə defekasiya aktını tormozlayır və vaxtaşırı olaraq uşaq dəfələrlə defekasiya aktını tormozladığına görə mərkəzi sinir sistemində ləngimə baş verir. Artıq baş-beyin həmin qıcıqları qəbul etmədiyinə görə bu uşaqlarda xroniki qəbizliyin formalaşmasına səbəb olur və artıq bu xroniki qəbizliyin müalicəsi daha uzun müddətə davam edir. 

Qəbizliyin müalicəsi

Ümumiyyətlə, qəbizliyin müalicəsində məsləhətimiz ilk olaraq analara olur. Analar uşağın qida rasionunu düzgün təyin etməlidir, qidalanma vaxtlarını düzgün təyin etməlidir. Mütləq qida rasionunda bitkilər, meyvə və tərəvəzlərə, bitki məhsullarına daha çox üstünlük verilməlidir. 

Maye düzgün miqdarda qəbul edilməlidir və eyni zamanda tualet mədəniyyətini öyrəşdirməlidirlər. Həyata keçirdiyi tədbirlərlə aradan qalxmayacaq problemlər olduğu halda mütləq artıq həkim müayinəsi və müalicəsi tələb olunur. Burada müalicə bir neçə aydan, hətta 6 ay və daha çox müddətə davam edə bilər ki, bu uşaqda həm bağırsağın peristaltikasının təmin edilməsindən, nəcisin konfiqurasiyasının formalaşdırılmasından və uşaqda defekasiya aktını normal həyata keçirmək üçün vərdişlərin yaradılmasından ibarətdir. 

Dr. Püstə Orucova, Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir