ureyin qidalanmasinin pozulmasi

Ürəyin qidalanmasının pozulması

Ürəyin işemik xəstəliyi bütün dünyada insan ölümlərinin əsas səbəblərindən biri sayılır.

Ürək əzələli orqandır, bütün həyatı boyunca döyünür və bu zaman ona daima qan lazım olur. 

Ürəkdən çıxan, ən böyük damar olan aortanın özündən ürəyi qidalandıran damarlar çıxır ki, bu damarlara tac damarlar və yaxud da koronar damarlar deyirik. Bu damarlarda tıxanmalar, daralmalar olur ki, ürəyə gələn qanın miqdarı azalır və nəticədə ürəkdə qan çatışmazlığı yaranır. 

Ürək bu qan çatışmazlığına müxtəlif reaksiyalar verir. Yəni ağrı ilə cavab verir bu qan yetməzliyinə və nəticədə insanlarda sinədə, kürəkdə ağrılar olur vəbu ağrılar çiyinə, qola, çənəyə iradiasiya edir, yəni yayılır. 

Lakin şəkərli diabet xəstələrində və yaşlı xəstələrdə ağrısız da, ürəyin işemik xəstəliyi ola bilər. Bu daralma və tıxanmalar nəticəsində ürəyə gələn qanın miqdarı tamamilə kəsilir ki, bu zaman ürəyə qan axımı tamamilə dayanır və infarkt baş verir. 

Bütün bunlar ürəyin işemik xəstəliyi adlanır.

Ürəyin işemik xəstəliyinin diaqnostikası

Ürəyin işemik xəstəliyinin diaqnostikasında bir sıra müayinə metodları durur. Bu müayinə metodlarından hər kəsin yaxşı tanıdığı EKQ deyilən elektrokardioqrafiya müayinəsi, bundan əlavə exokoqrafiya, stress test, koronar angioqrafiya, maqnit rezonans tomoqrafiya, kompüter tomoqrafiya müayinə metodları aiddir. Və bu müayinə metodlarını apardıqdan sonra bunların nəticələrinə uyğun olaraq xəstəyə diaqnoz qoyulur və ona da uyğun müalicə taktikası seçilir. 

Ürəyin işemik xəstəliyinin müalicəsi

Müalicə taktikasına həm xəstələrin həyat tərzinin dəyişdirilməsi, həm konservativ müalicə, həm də cərrahi müalicə taktikaları aiddir. 

Xəstələrin həyat tərzinin dəyişdirilməsi dedikdə: xəstələrimizin tütündən tamamilə uzaq durması, imkan daxilində stressdən uzaq qalması, idmanla məşğul olması, artıq çəki varsa, bunun azaldılması, yüksək xolesterin, şəkərli diabet və təzyiqin nəzarətdə saxlanması nəzərdə tutulur. 

Konservativ müalicə isə ürəyin işemik xəstəliklərinin idarə olunmasına dair rəhbər tövsiyələrə uyğun müalicə aparılır. 

Ehtiyac qalarsa da cərrahi müalicəyə müraciət edilir. 

Dr. Ləman Hüseynova, Kardioloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir