Urofloumetriya
Urofloumetriya nədir?
Urofloumetriya sidiyin, işəmə prosesinin sürətini ölçən kiçik, az invaziv bir diaqnostik müayinə üsuludur.
Urofloumetriya cihazı necə işləyir?
Bu alət necə çalışır? Urofloumetriya kompüterə bağlanmış olan kiçik bir qabdan ibarətdir. Urofloumetriya testi zamanı xəstə sidiyini buraya boşaldır.
İşəmə prosesi zamanı burada
- işəmənin sürəti,
- axını,
- işəmə prosesinin müddəti və
- sidiyin həcmi
öyrənilərək xəstənin, ümumiyyətlə, sidik kisəsinin həcmi, sidik kisəsinin funksiyası, işəmə prosesi haqqında ətraflı məlumat toplanmış olur.
Uroflometriyadan sonra həkim sidik kisəsinin tam boşalıb-boşalmadığını öyrənmək üçün xəstəyə ultrasəs müayinəsi (USM) aparır. Həkim sidik kisəsində qalıq sidiyin olub-olmadığını dəqiqləşdirir və bununla da işəmə prosesi ilə sidik kisəsinin tam boşalıb boşalmadığını öyrənir. Beləliklə uroloq xəstənin sidiyə çıxma prosesi haqqında ətraflı məlumat əldə etmiş olur.
Urofloumetriya kimlərə aparıla bilər?
Urofloumetriya hansı qrup xəstələrə və kimlərə aparıla bilər? Bu müayinə üsulu çox bəsit, sadə, az invaziv, ucuz başa gələn müayinə üsuludur. Urofloumetriya müayinəsi demək olar ki hər kəsə: kişilərdə, qadınlarda, həm də kiçik yaşlı uşaqlarda aparıla bilər.
Kişilərdə urofloumetriya nə vaxt tələb olunur?
Kişilərdə prostat vəzi problemləri olan, çətin sidiyə getmə problemləri olan, sidik kanalı darlığı olan qrup xəstələrdə, darlığı düşünülən və ya prostat xərçəngi düşünülən xəstələrdə sidiyə çıxmaq çətin olduğu üçün urofloumetriya edib işəmə prosesi haqqında ətraflı məlumat alınıb müalicə planlanır.
Qadınlarda urofloumetriya nə vaxt tələb olunur?
Qadınlarda da eyni zamanda yaşa bağlı və ya çoxsaylı doğuşlarla bağlı işəmə çətinliyi olan, sidik qaçırması olan, yenə yaşa bağlı, sidik kanalında darlıqları olan və yaxud da keçirilmiş əməliyyata bağlı sidik yollarında hər hansı bir anatomik, funksional problemləri olan, eyni zamanda qadınlar da yenə sidik yolu infeksiyasına və ya hər hansı bir sidik kisəsinin funksional pozğunluğuna bağlı hiper refleksiv və ya atonik sidik kisəsi olan xəstələrə aparıla bilir.
Uşaqlarda urofloumetriya nə vaxt tələb olunur?
Uşaqlarda da bu müayinə üsulu yenə sidik qaçırması olan uşaqlarda, gecə sidik qaçırması olan, sidik kisəsinin həcmi kiçik olan və yaxud da travma keçirmiş, sidik kanal darlığı olan uşaqlara aparıla bilər. Eyni zamanda sidik kisəsinin nevrogen sidik kisəsi dediyimiz hiperaktiv, hipoaktiv və ya atonik sidik kisəsi olan uşaqlara bu müayinə aparılaraq çox qısa bir müddətdə işəmə prosesi və sidik kisəsinin funksiyası haqqında ətraflı məlumat əldə edib düzgün müalicə başlana bilir.