Uşaqlarda qanazlığı
Bu gün valideynlərin müxtəlif yaş qruplarında daha çox şikayət etdiyi uşaqlarda qanazlığı, yəni anemiyası haqqında məlumat vermək istəyirəm.
Ümumiyyətlə, anemiya qanda olan qan hüceyrələrin miqdarının azalmasıdır. Bu qan hüceyrələri, xüsusilə, oksigenin müxtəlif toxumalara çatdırılmasında iştirak edir və buradan da əgər qan hüceyrələri azalırsa, bu o deməkdir ki, oksigen toxumalara çata bilmir və bunun nəticəsində də valideynlərin əsas şikayətləri uşaqlarda baş ağrı, halsızlıq, tez yorulma, tez yatma və yaxud da aşağı ətraflarda tez yorulma, ağrı hissi, ətrafların soyuması, tərlənməsi kimi şikayətlərlə müraciət edirlər.
Həmçinin bu uşaqlarda iştahsızlıq, müxtəlif qeyri-qida məhsullarına qarşı istək yaranır. Belə uşaqlar, adətən, ayaqqabı altını yalamağa meyilli olurlar, torpaq yeməyə meyilli olurlar və yaxud da valideynlərin şikayətlərindən biri də əhəng yeməyə meyilli olurlar. Onlar evin divarlarını, hətta qopardaraq yeməyə cəhd edirlər. Bəzi valideynlərin şikayəti uşaqların kağız, karton yemək istəyini bildirməsidir.
Ümumiyyətlə, qan azlığının olması, əlbəttə, valideynin görəcəyi bir səbəb olmasa da, şikayətlər ümumidir.
Uşaqlarda qan azlığının səbəbləri
Belə hallarda mütləq qanın ümumi analizi yoxlandıqdan sonra diaqnoz qoyulur. Qan azlığının səbəbi müxtəlif ola bilər. Bunlar qanda dəmirin azlığı hesabına baş verə bilər və yaxud da sümük iliyinin müxtəlif səbəblərdən qanın hüceyrəvi elementlərinin yaranmasının azalması ilə müşahidə edilə bilər və xüsusilə, ən çox rast gəldiyimiz dəmir defisitli animiya olduğuna görə və bu barədə qısa ayrıca bir məlumat verək.
Dəmir defisitli anemiyanın əsas yaranma səbəblərindən biri uşaqların düzgün qidalandırılmaması, qida rasionun düzgün təyin edilməməsi, vaxtında uşağa dəmirlə zəngin olan əlavə qidaların verilməməsidir.
Bəzi hallarda, ümumiyyətlə, təmiz ana südü ilə qidalanan uşaqlarda da dəmir defisitli anemiya yarana bilər. Çünki ana südünün tərkibində dəmir çox azdır və uşağın tələbatını ödəmir. Bu baxımdan da təmiz ana südündə olan uşaqların dörd ayından başlayaraq əgər anemiya şübhəsi varsa, qan analizi yoxlanılmalı və mütləq dəmir əlavəsi verilməlidir və belə uşaqlara altı ayından başlayaraq mütləq əlavə qidalanmanı dəmirlə zəngin olan qidalarla, “kaşa”larla, xüsusi meyvələrlə başlamaq lazımdır.
Həmçinin əgər uşaq süni qidalanmadadırsa və yaxud da qarışıq qidalanmadadırsa, onların əlavə qidaya keçilməsi, bir qədər tez baş verə bilər. Uşaqları, xüsusilə, dəmirlə zəngin olan süni qida qarışıqları ilə qidalandırmaq lazımdır. Dəmir defisitli anemiyanın vaxtında müalicəsinin aparılmaması uşaqlarda məktəbdə öz yaşıdlarından geri qalmalarına səbəb ola bilər, intellektual disfunksiyalara səbəb ola bilər, uşaqlarda əsəbilik yarada bilər. Bu da həmin uşaqların sosial adaptasiyasını pozur. Bu baxımdan əgər uşaqlarda qeyd etdiyim şikayətlər varsa, mütləq həkimə müraciət olunmalı və ilkin qan analizindən sonra əgər dəmir defisitli anemiya şübhəsi yaranırsa, qanda dəmirin miqdarı mütləq və dəmir ehtiyatı təyin edilməli və müalicəsi aparılmalıdır.
Qan azlığı olan uşaqlar üçün məsləhətlər
Bununla yanaşı, anaya verəcəyimiz məsləhətlər uşaqların rasionunda ət və ət məhsullarını normal, uşağın yaşına uyğun dozada qəbul etmələrini təmin etmək, həmçinin C vitamini ilə zəngin olan qida maddələrini rasiona daxil etməkdir. Bunlara sitrus meyvələrini və yaşıl bitkiləri, tərəvəzləri ayırd eləyə bilərik. Həmçinin burada süd məhsullarının inək südü və keçi südü məhsullarının da dəmirin sorulmasını ləngitməkdə böyük rolu var. Ümumiyyətlə, hesab olunur ki, 5 yaşa qədər uşaqlar sutka ərzində 710 ml-dən çoxinək südü qəbul edirlərsə, o uşaqlarda dəmir defisitli anemiya formalaşa bilər. Çünki südün tərkibində olan kalsium, xüsusilə, dəmirin bağırsaqdan sorulmasının qarşısını alır və buna görə də xüsusilə, 9 ayından aşağı uşaqlara daha yaxşı olar ki, 1 yaşından aşağı olan uşaqlara inək südü və keçi südü məhsulları daxil edilməsin.