insulin-asililiq-yaradirmi

İnsulin terapiyası asılılıq yaradarmı?

Şəkərli diabetli xəstələri maraqlandıran əsas suallardan biri hansı ki, biz gündəlik bu sualı xəstələrdən tez-tez eşidirik: “Doktor, insulin terapiya məndə asılılıq yaradarmı? İnsulin vura-vura insulini tamam kəsib oral anti-diabetiklə, yəni tabletlə müalicəmi davam etdirə bilərəmmi?”

Şəkərli diabet özü xroniki bir xəstəlikdir və bir çox növləri vardır. Amma biz gündəlik daha çox gördüyümüz Tip 1 və Tip 2 şəkərli diabetdir. Nədir Tip 1 və Tip 2 şəkərli diabet? 

Tip 1 şəkərli diabet

Tip 1 şəkərli diabetlərin mədəaltı vəzilərində insulin, demək olar, sekressiya olunmur. Yəni Tip 1 şəkərli diabetli xəstələrin mədəaltı vəzi insulin ifraz etmir. Buna görə də birmənalı olaraq Tip 1 şəkərli diabetli xəstələr insulin istifadə etməlidir. 

Tip 2 şəkərli diabet

Lakin Tip 2 şəkərli diabetdə vəziyyət fərqlidir. Tip 2 şəkərli diabetlərin mədəaltı vəzində insulin sekressiya olunur, hətta kifayət qədər çox sekressiya olunur. Lakin insulinin effektivliyi zəifdir və yaxud da periferik toxumada insulin dirənci olduğuna görə ifraz olunan insulin öz işini görə bilmir, təsir göstərə bilmir. 

Adətən, Tip 2 şəkərli diabetli xəstələrdə biz oral anti-diabetik, yəni tabletlərlə müalicə edirik. Lakin əgər xəstədə ciddi qaraciyər və böyrək çatışmazlığı varsa, pasiyent hamilədirsə, laktasiya dövründədirsə, geniş bir əməliyyat keçirib və yaxud biz yanaşı iki və ya daha çox oral anti-diabetik, yəni tablet istifadə edirik, amma xəstənin şəkərin normallaşdıra bilmirik, qlikemik hədəfi əldə edə bilmirik. Bu zaman biz insulindən istifadə edirik. 

Təbii ki, əgər xəstənin mədəaltı vəzində insulin rezervi, insulin ehtiyatı varsa və yanaşı ciddi bir qaraciyər, böyrək çatışmazlığı müşahidə olunmursa, endokrinoloqun nəzarəti altında xəstənin insulini tamamilə kəsilib, oral anti-diabetiklə, yəni tabletlə müalicə oluna bilər.

Dr.Rəna Novruzova / Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir