Ünvan
Nizami Nərimanov küç. 75
İş saatlarımız
B.e - Şənbə: 09:00 - 18:00

Qadınlarda sidik qaçırmalar nə zaman olur

Ümumiyyətlə sidik qaçırma şəxsdən asılı olmadan qeyri iradi sidiyin axması prosesidir.

Qadınların təxminən 30 faizində həyatı boyu sidik qaçırma şikayəti olur. Bu sidik qaçırmalar bir neçə növ ola bilir və hər növün də özünə görə əmələ gəlməsində rol oynayan səbəblər olur. 

Qadınlarda sidik qaçırmaları daha çox sidik yolu infeksiyası, yəni sistiti olan qadınlarda və ya çoxsaylı doğuş etmiş qadınlarda yaş artdıqca görülməyə başlayır.

Bunlardan başqa artıq çəki, az fiziki aktivlik, çay, kofe kimi içkilərin çox miqdarda istifadəsi, yaş artdıqca hormonal disbalans və nevrogen sidik kisəsi olan qadınlarda da sidik qaçırma daha çox görülür.

Sidik qaçırıma eyni zamanda travmatik keçən doğuşlar və ya ginekoloji əməliyyatlar, çanaq orqanlarının prolapsusu ( yəni sallanması ), zamanı da çox görülür.

Bu risk faktorları qadınlarda əsasən 4 növ sidik qaçırmaya səbəb olur. 

Bunlar sıxışma tip sidik qaçırma, stress tip (fiziki gərginlik zamanı) sidik qaçırma, qarışıq tip və total sidik qaçırma şəklində olur. Bunların müalicəsi də sidik qaçırmanın tipinə görə dəyişir.

Sıxışma tip sidik qaçırma – ani sidik hissi ilə tualetə çatdırmadan sidiyin axması prosesidir. Bu növ sidik qaçırma əsasən sidik yolu infeksiyası, sistiti və ya hiperaktiv sidik kisəsi olan qadınlarda görülür. Bəzən də bu növ sidik qaçırma qadınlarda yanaşı olaraq yaşlanmaya və ya çoxsaylı travmatik doğuşların təsirinə bağlıda ola bilir. Müalicəsi isə daha çox farmakoloji preparatlarla olur.

Stress tip (Fiziki gərginlik zamanı) sidik qaçırma – fiziki gərginlik zamanı, əsasən oturub qalxarkən, öskürüb- asqırarkən, gülərkən ani, qeyri iradi sidiyin axmasıdır. Bu növ sidik qaçırma adətən çoxsaylı doğuşlar, travmatik doğuşlar, travmatik ginekoloji müdaxilələr keçirmiş qadınlarda görülür. 

Bundan başqa yaşa bağlı hormonal disbalans və ya çanaq orqanlarının prolapsusu (sallanması ) olan qadınlarda da bu növ sidik qaçırma görülür. Bu qadınlarda sidik qaçırmaya səbəb əsasən sidik saxlama prosesində iştirak edən çanaq orqanları və sidik kisəsinin bağ əzələ sistemində yaranan çatışmazlıqlardır və müalicəsi də daha çox sling ( asqı ) əməliyyatları vasitəsilə olur ki, bunlar əsasən kiçik cərrahi müdaxilə sayılır.

Qarışıq tip sidik qaçırma – bu tip sidik qaçırması olan qadınlar həm sıxışma tip sidik qaçırmasından yəni tualetə çatdırmamaqdan, həm də stress tip sidik qaçırmasından yəni öskürmə, asqırma kimi fiziki gərginliklər zamanı sidik qaçırmadan şikayətlənirlər. Bu qadınlarda isə müalicə həm farmakoloji preparatlarla həm də kiçik cərrahi müdaxilə vasitəsilə aparıla bilər. 

Total sidik qaçırma – bu növ sidik qaçırmaları qadınlarda nisbətən az hallarda görürük. Bu zaman şəxs daimi qeyri iradi sidiyinin axmasından şikayətlənir. Bu növ sidik qaçırmalar sadəcə sidik yolu infeksiyalarından və ya daha ciddi problem olan sidik saxlama prosesində iştirak edın sfinkter dediyimiz əzələ bağ mexanizminin funksiyasını itirməsindən də əmələ gələ bilər. Müalicədə isə səbəbə uyğun olaraq farmakoloji preparatlar və ya cərrahi üsul istifadə edilə bilər. 

Ümumiyyətlə sidik qaçırma şikayəti olan qadınlar şikayətlərini gizlətməməli və vaxtında uroloji müayinədən keçməlidirlər ki, düzgün müalicə ala bilsinlər. 

Uroloji müayinə zamanı uroloq şikayətləri dinlədikdən sonra sidiyin ümumi analizi, ultrasəs müayinəsi və bəzən də vaginal baxışla asanlıqla problemi aydınlaşdıra bilir və müalicə başlana bilir.

Müalicə isə əsasən farmakoloji preparatlarla və ya slinq (asqı) əməliyyatları ilə ola bilir.

Şərh Bildir

Your email address will not be published. Required fields are marked *